Səhiyyə naziri: «Dövlət tibb müəssisələrinə müraciətlərin sayı dəfələrlə çoxalıb»

Səhiyyə naziri: «Dövlət tibb müəssisələrinə müraciətlərin sayı dəfələrlə çoxalıb»
# 15 aprel 2013 21:39 (UTC +04:00)

Bakı-APA. «Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb. Ölkəmizdə müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib». APA-nın məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışda bunları bildirib.

Nazirin sözlərinə görə, təkcə 2012-ci ildə 38 tibb müəssisəsi fəaliyyətə başlayıb. «Hazırda 69 səhiyyə obyektində təmir-tikinti işləri aparılır. Onlardan 50-nin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına indi Bakı Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında, Abşeron, Ağcabədi, Ağsu, Cəlilabad, Yevlax, Astara və Lənkəran mərkəzi rayon xəstəxanalarında tikinti və əsaslı təmir işləri aparılır. Bundan əlavə, elə bu günlərdə ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi-Tədqiqat Pediatriya, Mamalıq və Ginekologiya institutlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb».

O.Şirəliyev bildirib ki, Ana və uşaq sağlamlığı üzrə Proqramın icrası sahəsində ölkəmizdə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır: «Ana ölümü əmsalı 34,2-dən 14,9-a enib, körpə ölümü göstəricisi 12,7-dən 10,8-ə azalıb. Ölkə səhiyyəsində strateji əhəmiyyət daşıyan sahələrdən biri də qan xidmətinin inkişafıdır. Azərbaycanda təhlükəsiz donor qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilib. Qan tədarükü 6,8 tondan hazırda 25,9 tonadək artıb».

Nazirin sözlərinə görə, 180 min şəkərli diabet xəstəsinin dərmanlarla özünənəzarət vasitələri - qlükometr və test sistemləri ilə dövlət hesabına təmin edilməsi, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərin, o cümlədən uşaqların reabilitasiyası üçün yaratdığı imkanların nəticəsi olaraq həmin xəstəlikdən ölüm göstəricisi üç dəfə azalıb. «Onkoloji xəstələr də daim diqqət mərkəzində saxlanılır. Bu xəstəliklərdən əziyyət çəkən uşaqlara xidmətin yaxşılaşdırması məqsədilə ötən il Milli Onkologiya Mərkəzinin uşaq klinikası istifadəyə verilib. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların da müalicəsi indi tam həcmdə dövlət hesabına təmin olunur. Xüsusilə əlamətdardır ki, ölkəmizdə yaradılmış 27 hemodializ mərkəzindən 20-si bölgələrdə fəaliyyət göstərir. Bu da xəstələri həftələrlə bir neçə dəfə Azərbaycanın müxtəlif yerlərindən Bakıya gəlmək məcburiyyətindən azad edib».

O.Şirəliyev həm paytaxtda, həm də bölgələrdə dövlət tibb müəssisələrinə müraciətlərin sayının dəfələrlə çoxaldığını vurğulayıb: «Səhiyyə ocaqlarında çalışan mütəxəssislərin səviyyəsinin artması da az əhəmiyyət daşımır. Bu məqsədlə yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər. Bundan əlavə, tibb işçilərinin sertifikatlaşdırılması, tibbi təhsildə rezidenturanın tətbiqi kimi tədbirlər də davam etdirilir. Kadr potensialının gücləndirilməsinə yönəldilmiş işlərin nəticəsi olaraq, bu gün dövlət klinikalarında əvvəllər ölkəmizdə müalicəsi mümkün olmayan bir çox ağır xəstəliklər müalicə edilir. Orqan transplantasiyası, kardiocərrahiyyə üzrə çox mürəkkəb əməliyyatlar yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu sahədə çox əhəmiyyətli addımlardan biri də bu ildən etibarən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsidir. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv müəyyənləşdirməyə imkan verir».

Nazir informasiya-kommunikasiya texnologiyalarının səhiyyənin digər sahələrində də tətbiq olunduğunu əlavə edib. «Elektron səhiyyə sistemi çərçivəsində yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman vasitələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti, uşaqlar üçün “Elektron sağlamlıq kartı”, obliqat qruplar üçün “Elektron tibbi müayinə kartı” sistemləri tətbiq edilib. Elektron səhiyyə sistemi bütün ölkə üzrə əhalinin sağlamlığı ilə bağlı informasiyanı tez və effektiv təhlil etməyə imkan yaradır», deyə o bildirib.

O.Şirəliyev indi Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqların 10 xəstəliyə qarşı peyvənd aldığını bildirib: «Həm vaksinasiya, həm də digər tədbirlər sayəsində ölkəmizdə epidemioloji stabilliyə nail olunub. Bir neçə ildir ki, poliomielit, difteriya, parotit, məxmərək kimi ağır xəstəliklər qeydə alınmır. 2012-ci ilin dekabrında Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq ayı” keçirilib. Bu tədbir çərçivəsində ölkənin bütün şəhər və rayonları üzrə bir ay ərzində üç milyona yaxın insan səhiyyə müəssisələrinə dəvət olunub və orada hərtərəfli tibbi müayinələrdən keçirilib. Çox əlamətdardır ki, müayinə olunanların 15 faizində, - bu da 400 mindən artıq insan deməkdir, - müxtəlif xəstəliklər ilk dəfə aşkarlanıb. Həmin xəstələr müvafiq ambulator və stasionar müalicəyə cəlb olunublar. Vətəndaşların sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayan bu tədbirin müsbət nəticələri, iqtisadi və sosial səmərəsi özünü hələ gələcəkdə göstərəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR