Taner Yıldız: “TANAP sayəsində yeni sülh dəhlizi açılacaq”

Taner Yıldız: “TANAP sayəsində yeni sülh dəhlizi açılacaq”
# 20 sentyabr 2014 09:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Əsrin Müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlinin atılması mərasimində iştirak etməkdən xoşbəxtəm. Azərbaycan Türkiyə üçün əvəzedilməz ölkədir”. APA-nın məlumatına görə, bu sözləri “Əsrin Müqaviləsi”nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib.

T. Yıldız Azərbaycanla Türkiyənin həyata keçirdiyi layihələrin dünyaya xidmət etdiyini, TANAP sayəsində yeni sülh dəhlizi açıldığını bildirib: “Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr tək bölgəyə deyil, geniş bir coğrafiyaya sülh və sabitlik gətirəcək”.

Nazir xatırladıb ki, hazırda enerji təhlükəsizliyi dünyada ən mühüm məsələyə çevrilib: “Azərbaycan və Gürcüstanla bərabər fəaliyyətimiz davam edəcək. Ulu öndər Heydər Əliyevin sayəsində 20 il əvvəl “Əsrin Müqaviləsi” imzalanıb. Heydər Əliyevi rəhmətlə yad edirik. BTC ilə 2 milyard barel neft ixrac olunub. Bu gün isə hədəfimiz Xəzər və Orta Asiya ehtiyatlarının Azərbaycan üzərindən ixracıdır”.

Monteneqronun baş naziri Milo Cukanoviç çıxışında deyib ki, ötən dövr ərzində Azərbaycan möhtəşəm inkişaf yolu keçib: “Monteneqro bu layihədə iştirakla bağlı qərar verib. Qərbi Balkanda bu dəhlizin əhəmiyyəti çox böyükdür”. Baş nazir ölkəsinin Avropa İttifaqının enerji təchizatı siyasətinə sadiq olduğunu vurğulayıb: “Enerji təchizatının şaxələndirilməsi vacibdir. Ölkəmizin qazlaşdırılması inkişafın yeni mərhələsi olacaq. Birgə səylərimiz nəticəsində TAP və TANAP Avropanın enerji siyasətinə uyğundur. Biz ölkələrimiz üçün yeni gələcək yaradırıq”.

Albaniyanın sənaye və energetika naziri Damian Giknuri Cənub Qaz Dəhlizini Avropa üçün mühüm layihə adlandırıb: “TAP layihəsinin mümkün qədər tez həyata keçirilməsini təmin edəcəyik”.

Böyük Britaniyanın ticarət naziri Lord Lvinqston bildirib ki, Böyük Britaniya Azərbaycanın yaxın tərəfdaşına çevrilib, BP “Azəri-Çıraq-Günəşli”də böyük platforma yaradıb. O qeyd edib ki, Böyük Britaniya və Azərbaycan digər sahələrdə də sıx əməkdaşlıq edir: “Bu gün həm də Böyük Britaniya-Azərbaycan münasibətlərinin 20 illiyini qeyd edirik. Böyük Britaniya şirkətləri Azərbaycanda xarici sərmayənin başlıca mənbəyidir. Ümumilikdə, müxtəlif sahələrdə Azərbaycanda 500 Böyük Britaniya şirkəti fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində də Azərbaycanın böyük imkanları var”.

Britaniyalı nazir Cənub Qaz Dəhlizini tam dəstəklədiklərini vurğulayıb: “Bu, ən mürəkkəb layihələrdən olacaq, ancaq qarşıdakı illərdə iştirakçı dövlətlər və şirkətlər üçün əlavə mənfəətlər verəcək. Azərbaycan xalqına firavanlıq arzulayıram”.

BP-nin icraçı direktoru Robert Dadli deyib ki, “Əsrin müqaviləsi” çərçivəsində artıq 2,5 milyard barel neft hasil edilib, 30 milyard dollar sərmayə yatırılıb. O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təchizatında mühüm rol oynayacaq.

ARDNŞ prezidenti Rövnəq Abdullayev TAP və TANAP layihələrinin həyata keçirilməsinə 45 milyard dollara yaxın sərmayə qoyulacağını açıqlayıb: “Neftçilər 21-ci əsrin layihələrini uğurla həyata keçirəcək. 2016-cı ildə Cənub Qaz Dəhlizi ilə qaz Türkiyəyə, 2019-cu ildə Avropaya çatdırılacaq. 1920-ci ildə Azərbaycanda böyük Avropa ailəsinin üzvü kimi böyük futbola baxacağıq”.

Sonra Azərbaycanda neft-qaz sənayesinin inkişafına həsr edilmiş film nümayiş olunub. Dövlət və hökumət nümayəndələri Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində iştirak etməyə yollanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR