Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini: «Artıq hücuma keçməliyik…» - FOTO

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini: «Artıq hücuma keçməliyik…» - <span style="color: red;">FOTO
# 13 aprel 2013 13:23 (UTC +04:00)

APA-nın məlumatına görə, iki gün davam edən tədbir çərçivəsində bir sıra maraqlı məruzələr dinlənilib. «Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik» mövzusunda olan I plenar iclasda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov «Azərbaycanda ənənəvi İslam və xarici təsirlər» mövzusunda çıxışı zamanı Azərbaycan xalqının İslam mədəniyyətinə töhfələrindən geniş söz açıb. Mərkəz rəhbəri təəssüflə bildirib ki, sovet imperiyasının 70 illik hakimiyyəti müddətində ənənələrin qırılması müşahidə olunub: «Nəticədə, xaricdə formalaşan cərəyanlar bura Azərbaycan ənənələrinə zidd ənənələri gətirməyə çalışıblar. Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir».

Daha sonra Qafqaz Universitetinin müəllimi, doktor Mehmet Rıhtım «Azərbayanda ənənəvi dindarlıq», Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi, doktor Fuad Quliyev «Şirvan bölgəsində ənənəvi dindarlığın perspektivləri», Elnurə Əzizova «İslamda ailə modeli və müasir cəmiyyət», Dövlət Komitəsi dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun «Dini radikalizmin və ekstremizmin qarşısının alınmasında dini icmaların rolu» mövzularında çıxış ediblər.

Tədbirin ikinci günü «Dini icmalar: problemlər, reallıqlar və gözləntilər» mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini icmaların fəaliyyətində meydana gələn problemlərdən, icma üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb. Qeyd olunub ki, bir çox hallarda icmaların üzləşdikləri problemlər bilavasitə onların hətta nizamnamələri ilə dolğun şəkildə tanış olmamasından irəli gəlir.

«Nümunəvi dini icma modeli» mövzusunda çıxış edən Kürdəmir şəhəri «İmam Rza məscidi» dini icmasının sədri Füzuli Cəfərov və «Dini icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə» mövzusuna nəzər salan Ağdaş şəhəri «Üç qovaq məscidi» dini icmasının sədri Şahin Rəhimli icmaların fəaliyyətinin təkmilləşmə metodlarına dair fikirləri ilə bölüşüb, gənclərin tərbiyəsində onların üzərinə düşən vəzifələrdən danışıblar. Daha sonra iştirakçılar Dövlət Komitəsinin mətbuat katibi Orxan Əliyevin «Dini icmalar və yeni media» mövzusunda məruzəsini dinləyiblər. Məruzədə dini icmaların nümayəndələrinə yeni media və sosial şəbəkələr haqqında məlumat verilib. «İslamda orta yol» adlı plenar iclasda «Elm yurdu» İctimai Birliyinin sədri Elşad Mahmudovun «Mötədillik: əsasları və prinsipləri», Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi, doktor Rafiz Manafovun «Vəhdət naminə məzhəblərarası dialoq» mövzusunda məruzələri dinlənilib. «Vətənpərvəlik və milli-mənəvi dəyərlərimiz» plenar iclası çərçivəsində isə konfrans iştirakçıları Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimovun «Milli dövlətçiliyimizin möhkəmləndirilməsində ənənəvi dindarlığın və milli-mənəvi dəyərlərimizin rolu» mövzusunda məruzəsini dinləyib və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilən sənədli filmlə tanış olublar. Daha sonra Mübariz İbrahimov və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ruhuna dualar oxunub.

Tədbirin sonunda çıxış edən Komitənin sədr müavini G.İsmayılov regional konfransın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi dövlət-din münasibətlərinin daha da yaxınlaşmasına xidmət edir: «Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi din sahəsində də uğurlu addımlar atılır. Bu isə öz növbəsində əsası Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bu konfransın məqsədi dövlətinə, xalqına, Vətəninə, dininə bağlı olan insanlar yetişdirməkdir. Milli Qəhrəman Mübariz İbrahimovu tək ailə yetişdirməyib, həm də din amili yetişdirib. Gənclərimizin içərisindən Mübariz İbrahimov kimi xalqını, Vətənini, dinini sevən insanlar yetişəcək və bu istiqamətdə din xadimlərimizin üzərinə böyük missiya düşür. Vətənimizi, dinimizi bölməyə çalışan bəzilərinin qarşısında müdafiə olunuraq, artıq hücuma keçməliyik. Siz din xadimlərinin üzərinə bununla bağlı mühüm vəzifə düşür».

Komitə rəsmisi əsrlərin süzgəcindən keçib gəlmiş dinimizin, ölkəmizdə bərqərar olan ənənəvi İslamın yaşadılması üçün din xadimlərinin üzərinə düşən vəzifələri xatırladıb.

Konfransın sonunda iştirakçılar bəyanat qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR