“Siz unudulmamısınız…” kitabının təqdimat mərasimi keçirilib - FOTO

“Siz unudulmamısınız…” kitabının təqdimat mərasimi keçirilib  - <span style="color: red;">FOTO
# 10 iyul 2015 14:50 (UTC +04:00)

Bakı. Esmira Əliyeva – APA. Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə çapdan çıxan “Siz unudulmamısınız…” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan mətbuatının 140 illiyinə həsr olunan kitab-topluda korifey jurnalistlər haqqında xatirə oçerkləri, habelə 5 yaşını tamamlayan Ahıl Jurnalistlər Məclisinin fəaliyyəti və üzvləri haqqında məlumatlar əks olunub.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycan mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin həyatı cəmiyyətə örnəkdir: “Ömrünü-gününü jurnalist peşəsinin məziyyətlərinə qatlaşaraq keçirmiş çoxsaylı qələm sahiblərimiz var. Onların fədakar əməyi gənc nəslimiz üçün örnəkdir. Bu insanların cəmiyyətə tanıdılması təkcə mətbuatımızın həyatımızdakı rolunu vurğulamaq deyil, eyni zamanda keçmiş yaşantılarımızın yada salınması baxımından müstəsna əhəmiyyətə malikdir”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında Ahıl Jurnalistlər Məclisinin “Siz unudulmamısınız…” kitabının ərsəyə gətirilməsini faydalı iş adlandırıb. O, milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində belə bir nəşrin işıq üzü görməsini əlamətdar tarixə töhfə kimi dəyərləndirib.

Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, veteran jurnalistlərdən Əlövsət Bəşirli, Məzahir Süleymanzadə, Etibar Etibarlı və başqaları kitabın əhəmiyyətindən söz açıblar.

Qeyd edək ki, yeni nəşrin məsləhətçisi Əflatun Amaşov, layihənin rəhbəri Yusif Kərimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR