Bank Of Baku

Gürcüstan parlamentində foto ustası Natela Qriqolaşvilinin sərgisi açılıb

Gürcüstan parlamentində foto ustası Natela Qriqolaşvilinin sərgisi açılıb
# 03 mart 2010 20:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentində məşhur gürcü fotoqrafı Natela Qriqolaşvilinin fotolarından ibarət sərgi açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgini Gürcüstan parlamentinin İnsan Hüquqları Müdafiəsi və Vətəndaşlıq inteqrasiya Komitəsinin sədri Georgi Arsenaşvili açaraq sərginin açılışında iştirak edən azərbaycanlı, udin, ləzgi, erməni, rus, os, kürd, aysor, yunan və rus milli etnik azlıqların nümayəndələrini təqdim edib və foto ustası Natela Qriqolaşvilinin çoxşaxəli yaradıcılığından bəhs edib.

Tədbirdə milli azlıqlar üzrə Avropa Mərkəzinin rəhbəri Tom Trier, parlamentin sədr müavini Rusudan Kervalişvili, udinlərin nümayəndəsi Mamuli Neşumaşvili və başqaları çıxış edərək tədbirin tarixi əhəmiyyət kəsb etdiyini və Gürcüstanda yaşayan etnik azlıqların sosial-məişət şəraitini, yaşayış tərzini əks etdirən belə fotoların özünəməxsus məna daşıdığını vurğulayıblar.

Gürcüstan parlamentinin İnsan Hüquqları Müdafiəsi və Vətəndaşlıq inteqrasiya Komitəsinin sədri Georgi Arsenaşvili APA-ya açıqlamasında bildirib: «2008-ci il Avqust müharibəsi göstərdi ki, bizi əymək çox çətindir. Gürcüstanda biz -azərbaycanlılar, ermənilər, udinlər, ləzgilər və s. birik. Bu günkü tədbirimiz özündə bu birliyi əks etdirir. Bu ideya mənimdir. Mənə Tiflisdə fəaliyyət göstərən və regiona xidmət edən milli azlıqlar üzrə Avropa Mərkəzinin rəhbəri Tom Trier kömək edib. Foto ustası Natela Qriqolaşvili dünyada məşhurdur. Onun bu sərgidə 30 əsəri nümayiş etdirilir. Lakin nəşr etdirdiyimiz kataloqda onun 50 əsəri dərc olunub. Belə fotoların sərgisini gələcəkdə biz çox təşkil edəcəyik».

Tiflisdəki etnik azlıqlar üzrə Avropa Mərkəzinin rəhbəri Tom Trier APA-nın müxbirinə bildirib ki, bu sərgi çox maraqlı və mənalıdır: «Gürcüstanda etnik azlıqlar çoxluq təşkil edir. Ən əsas şərt odur ki, onlar öz mədəniyyətlərini və dillərini unutmasınlar».

Tədbirdə Gürcüstan parlamentinin deputatları, milli azlıqların və qeyri hökumət təşkilatlarının nümayəndələri, ziyalılar, gənclər və jurnalistlər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR