Bank Of Baku

İran prezidentinin müşaviri ölkəsinin məhkəmə sistemini və hüquq-mühafizə orqanlarını tənqid edib

İran prezidentinin müşaviri ölkəsinin məhkəmə sistemini və hüquq-mühafizə orqanlarını tənqid edib
# 28 noyabr 2011 11:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran prezidentinin mətbuat üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin direktoru və “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir ölkəsinin məhkəmə sistemini və hüquq-mühafizə orqanlarını tənqid edib. APA-nın məlumatına görə, müşavir “İran” qəzetinin 27 noyabr tarixli sayında dərc etdiyi məqaləsində həmin qurumları özbaşınalıqda və vəzifələrindən sui-istifadə etməkdə günahlandırıb.

Əli Əkbər Cavanfikir deyib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının onu həbs etməsi üçün əllərində heç bir əsas və məhkəmə qərarı yox idi: “Onlar məni həbs etmək üçün gəldiklərində bunun üçün qərara ehtiyac olmadıqlarını bildirdilər. Hüquq-mühafizə orqanlarının əməkdaşları dedilər ki, burada qərarları biz özümüz veririk, sənin də mətbuat konfransında cinayət əməli törətməyinə şahid olmuşuq. Onlar Ali Məhkəmə və ölkə prezidentini tanımadıqlarını və başqa yerdən əmr aldıqlarını söylədilər”.

Müşavir bildirib ki, onu aparmaq istəyərkən işçiləri qanunsuz olduğu üçün buna mane olublar: “Təhlükəsizlik qüvvələri silah çıxarıb onlara qarşı çıxanları güllələyəcəklərini bəyan etdilər. Ancaq buna baxmayaraq, qarşıdurma yarandı, qəzetin əməkdaşlarına qarşı zor tətbiq edildi, rezin və elektrik dəyənəklər işə düşdü, gözyaşardıcı qazdan istifadə olundu, eyni zamanda videokameraları sındırıb çəkiliş materialını özləriylə apardılar”.

Qeyd edək ki, noyabrın 21-də səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehran vilayətinin prokurorunun qərarına əsasən Əli Əkbər Cavanfikiri həbs ediblər. Ancaq İran prezidenti Mahmud Əhmədinejadın məsələyə müdaxiləsindən sonra Tehran Məhkəməsinin Əli Əkbər Cavanfikir barəsində çıxardığı qərarın icrası müvəqqəti dayandırılıb və müşavir həbsdən buraxılıb. Tehran Məhkəməsi Əli Əkbər Cavanfikirin bir il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm verib. Məhkəmə onun jurnalist fəaliyyətinə üç il qadağa qoyub. İran prezidentinin müşavirinə qarşı islam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları "Xatun" adlı xüsusi buraxılışda çap etmək ittihamı irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR