Türkiyə son illərdə yüksək texnologiyanın inkişafını dövlət əhəmiyyətli məsələ səviyyəsinə qaldırıb. Artıq həm özəl, həm də dövlət sektoru yüksək texnologiyanı həyatın bütün sahələrinə inteqrasiya edir.
Dövlət bu sahəyə yönəltdiyi investisiyalarının həcmini hər il daha da artırır, yeni texnoparklar təsis edilir və gənclərin bu sahəyə marağını artırılması istiqamətində intensiv işlər görülür. Təsadüfi deyil ki, ötən il ölkənin Sənaye və Texnologiya Nazirliyinin büdcəsi təxminən 15 milyard türk lirəsinə çatdırılıb. Bu kimi addımlar türk xalqının on illər ərzində xəyal etdiyi bir çox mühüm layihələrin reallaşdırılmasına da şərait yaradır.

Onlar arasında sözsüz ki, ən vaciblərindən biri və son zamanlar dünyanın diqqətini bir daha Türkiyəyə çəkməyi bacaran yerli elektromobil “Togg” layihəsidir. Türkiyə bir çox sahələrdə olduğu kimi, avtomobil sənayesində də yerli istehsalın əsasını qoymağı bacardı və “Togg”un artıq Türkiyənin yollarında görülməsi Ankaranın bu istiqamətdə də nailiyyətini göstərir.
İkinci cəhd
Əslində “Togg” Türkiyənin yerli avtomobil istehsalına dair ilk cəhdi deyildi. Dövlət bundan təxminən 60 il əvvəl də yerli avtomobil istehsalına təşəbbüs göstərmişdi. 1961-ci ildə “Devrim” adlı ilk milli avtomobilin istehsalı üçün işlərə başlanılmış, hətta avtomobilin kütləvi istehsalı üçün zavod da ayrılmışdı. Lakin öz dövrünün texniki standartlarına uyğun gəlməyən, təqdimatı isə uğursuzluqla nəticələnmiş “Devrim arabaları” alıcılarının rəğbətini qazana bilmədi. İnsanları böyük xəyal qırıqlığına uğradan “Devrim arabaları” təşəbbüsü həm də dövrün hakimiyyətinin göstərdiyi etinasızlıq səbəbilə də nəticəsiz qaldı, avtomobilin kütləvi istehsalı baş tutmadı. Layihənin uğursuzluğu həm də yerli avtomobil istehsalına dair özünəinama sarsıdıcı zərbə vurdu, bu istiqamətdə başqa plan və təkliflərə istehzalı münasibət göstərilməsinə səbəb oldu. "Devrim" avtomobillərinin günümüzə işlək vəziyyətdə çatan konseptləri isə hazırda Eskişəhərdəki zavodun həyətində ziyarətçilər üçün eksponat kimi sərgilənir.

“Togg”un taleyi isə fərqli oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə ilk yerli avtomobilin istehsalına dair niyyətini ilk dəfə 2011-ci ildə dilə gətirmişdi. Bundan 6 il sonra, 2017-ci ildə “Togg”un istehsalatında iştirak edəcək 5 səhmdar müəyyən edildi. Aparılan intensiv və planlı işlər sayəsində türk xalqının milli avtomobil arzusu bu dəfə kağızda və xəyallarda qalmadı. 29 oktyabr 2022-ci ildə Bursanın Gemlik rayonunda “Togg”un kütləvi istehsalına start verildi.
MİLLİ VƏ ELEKTRİK
Türkiyənin son illərdəki yerli istehsal olan müdafiə sənayesi məhsullarına nəzər salsaq, onların idxal olunanlardan geri qalmadığını, əksinə bir sıra göstəricilərinə görə irəlidə olduğunu görərik. “Togg” da texniki xüsusiyyətlərinə görə asanlıqla bu kateqoriyaya əlavə edilə bilər. Bu avtomobilin sadəcə milli deyil, həm də elektrokar olması böyük marağa səbəb olub. Texniki cəhətdən də “Togg” öz sinfində birincilər sırasındadır. Belə ki, avtomobil bir dəfə şarj olunmaqla 523 km qədər məsafəni qət edə bilir, sürətini cəmi 7,4 saniyə ərzində 100 km/saata çatdırır və 30 dəqiqə ərzində 80%-ə qədər şarj olur. “Togg”un səslə idarə olunmasını, sensorlarını və digər yüksək texnoloji imkanlarını nəzərə alaraq istehsalçıları onu sadəcə elektromobil deyil, həm də ağıllı cihaz adlandırırlar.
Uğurun göstəricisi – tələbat
Türkiyədə daha bir yerli avtomobil təşəbbüsü irəli sürüləcəyi açıqlandıqda “Devrim arabaları” travması yaşamış xalqda bəzi şübhələr özünü göstərirdi, bir çoxları bu barədə danışılanları tarixin arxivlərində qalacaq adi siyasi ritorika hesab edirdilər. Lakin hakimiyyətin siyasi iradəsi, planlaşdırma qabiliyyəti və vizyonu, türkiyəli mütəxəssislərin bacarığı sayəsində “Togg” Türkiyənin iqtisadi nailiyyət simvollarından birinə çevrilməyi bacardı. Artıq həm əhali, həm də xarici auditoriya Türkiyənin həm mülki, həm də hərbi sahədə yüksək texnologiya nümunələri istehsal etmək bacarığından şübhə duymur.
Hazırda ilkin qiyməti təxminən 84 min manat olan “Togg” T10X modelinin ilk nümunələri aprelin 3-də ölkə başçısı Rəcəb Tayyib Ərdoğana, növbəti gün isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu. Qarşıdakı günlərdə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də “Togg” əldə edəcəyi gözlənilir.

Ümumilikdə Türkiyənin ilk elektromobili artıq 177 mindən çox ön sifariş qəbul edib, hazırda minlərlə insan onu əldə etmək üçün növbədə gözləyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2030-cu ilədək 1 milyon ədəd “Togg” elektromobilinin istehsalı planlaşdırılır. Beləliklə, “Türkiyə Yüzilliyi”nin rəmzlərindən birinə çevrilmiş “Togg” həm türk xalqının 60 illik milli avtomobil arzusunun reallaşdırılması, həm də müasir Türkiyənin növbəti uğuru oldu.