BMT rəsmiləri İsrail hərbi qüvvələrinin Qəzzadakı Əl-Şifa xəstəxanasına hərbi müdaxiləsindən narahat olduqlarını bildiriblər.
APA xəbər verir ki, hadisə ilə bağlı rəsmilər "X" hesablarında bildiriblər.
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits Qəzzada Əl-Şifa xəstəxanasına "hərbi müdaxilələr barədə xəbərlərdən dəhşətə gəldi"yini bildirib.
"Yeni doğulmuş körpələrin, xəstələrin, tibb işçilərinin və digər mülki şəxslərin müdafiəsi bütün digər narahatlıqları üstələməlidir. Xəstəxanalar döyüş meydanı deyil", - o, paylaşımında qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus da narahatlığını bildirib.
"Əl-Şifa xəstəxanasına hərbi müdaxilə ilə bağlı xəbərlər dərin narahatlıq doğurur. Xəstəxananın tibb işçiləri ilə yenidən əlaqəmiz kəsilib. Biz onların və xəstələrinin təhlükəsizliyi üçün çox narahatıq", - ÜST-ün baş direktoru qeyd edib.
Qeyd edək ki, İsrail tərəfi HAMAS-ın Əl-Şifa xəstəxanasından hərbi məqsədlər üçün istifadə etdiyini bildirib.