İran Qətəri mart ayında saxlanıldığı iddia edilən iranlı pilotların taleyi ilə bağlı araşdırmaya mane olmaqda ittiham edib.
Reuters xəbər verir ki, Qətər isə hər hansı iranlı pilotu saxlamadığını bildirərək bu iddianı rədd edib.
İran Silahlı Qüvvələrinin itkin düşənlərin axtarışı üzrə komitəsinin komandiri Məhəmməd Baqerzade Qətərin iranlı ekspertlərdən ibarət araşdırma qrupunun ölkəyə daxil olmasına icazə verməli olduğunu deyib. Onun sözlərinə görə, İran tərəfi aylardır bunun üçün gözləyir.
Doha bildirib ki, mart ayında İran təyyarələrinin Qətər hava məkanını pozmasından sonra aparılan axtarış-xilasetmə əməliyyatı zamanı bir pilotun qalıqları tapılıb. Qətər tərəfi qalıqların İrana təhvil verilməsi üçün Tehranla əlaqə yaratdığını, lakin cavab almadığını açıqlayıb.
Baqerzade həmçinin Küveyti dörd iranlının taleyi barədə məlumatı gizlətməkdə ittiham edib. İran həmin şəxslərin İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli olduğunu və naviqasiya problemi səbəbindən Küveyt sularına daxil olduqlarını bildirir. Küveyt isə onların ölkəyə qarşı düşmən fəaliyyət planlaşdırmaqda şübhəli bilindiyini açıqlayıb.