Almaniya, Fransa və Böyük Britaniya Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üzrə gələcək danışıqlar üçün ayrıca format üzərində işləyir.
"The New York Times" xəbər verir ki, üç ölkə ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı danışıqlarda Avropanı prosesdən kənarda saxlaya biləcəyindən narahatdır.
Avropalı rəsmilərin sözlərinə görə, Berlin, Paris və London Avropanın danışıqlar masasında yer almasını və maraqlarının nəzərə alınmasını təmin etmək üçün səylərini birləşdirib.
Mənbələr bildiriblər ki, gələcək danışıqlar formatında Avropanı Fransa, Almaniya və Böyük Britaniyanın təmsil etməsi planlaşdırılır. Avropa mövqeyinin formalaşdırılmasında əsas rolu Fransa və Almaniya oynayır.
Böyük Britaniyanın isə ABŞ Prezidenti Donald Trampla münasibətlərinə görə daha ehtiyatlı mövqe tutduğu qeyd olunur.
Avropalı rəsmilər hesab edirlər ki, Vaşinqton və Moskvanın Avropanın iştirakı olmadan hər hansı razılaşma əldə etməsinin qarşısı alınmalıdır.