İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində azı 51 nəfər həyatını itirib, minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
Reuters xəbər verir ki, yeraltı təkanlar Şərqi Nusa Tenqqara əyalətində qeydə alınıb. Təbii fəlakətdən sonra təxminən 5 min nəfərin təxliyə edildiyi bildirilib.
Ölkənin səhiyyə nazirinin müavini Benjamin Paulus Oktavianusun sözlərinə görə, zəlzələ zamanı 36 nəfər ağır, 77 nəfər isə yüngül xəsarət alıb.
Əsas zəlzələdən sonra bölgədə 341-dək afterşok qeydə alınıb. Sikka rayonunda 3 300-dən çox insan evlərini tərk edib, onların bir hissəsi idman arenasında yerləşdirilib. Bir çox sakin isə dağılan və ya təhlükəli vəziyyətə düşən evlərinə qayıtmaqdan çəkinərək gecəni çadırlarda və açıq havada keçirib.
Zəlzələ sürüşmələrə də səbəb olub, bəzi yollar bağlanıb. Xilasedicilər torpaq sürüşməsi səbəbindən əlaqəsi kəsilən Maumere şəhərinin bir sıra ərazilərinə çata biliblər.
İlkin məlumatlara əsasən, 1 300-dən çox evə ziyan dəyib. Dağıntılar altında insanların qala biləcəyi bildirilir, lakin itkin düşənlərin dəqiq sayı hələ açıqlanmayıb.
Axtarış-xilasetmə və təhlükəsizlik tədbirlərinə 3 500-dən çox hərbçi və polis əməkdaşı cəlb edilib.
Elektrik enerjisinin kəsilməsi səbəbindən bölgədə 20 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayanıb. Şərqi Nusa Tenqqara hakimiyyəti resursların və maliyyə vəsaitlərinin daha sürətli səfərbər edilməsi üçün fövqəladə vəziyyət elan etməyi nəzərdən keçirir.