Prezident seçkiləri keçirilən Əfqanıstanda seçki məntəqələri artıq bağlanılıb.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, səsvermədə 9,6 milyon Əfqanıstan vətəndaşından cəmi 2 milyonu (20 faiz) iştirak edib.
Əfqanıstan Seçki Komissiyası 5373 seçki məntəqəsindən 870-i ilə əlaqəni itirib, 1331 məntəqə isə bağlı olaraq qalır.
Əfqanıstanın Seçki Komissiyası bildirib ki, səslərin sayılması zamanı yalnız biometrik təsdiqini tapmış səslər etibarlı hesab ediləcək, lakin hazırda biometrik sistemdə də problemlər var.
Seçki “Taliban” qruplaşmasının seçkini pozacağı ilə bağlı bəyanatları şəraitində baş tutub.
Qeyd edək ki, Əfqanıstanda bundan əvvəlki Prezident seçkisi 2014-cü ildə keçirilib. Həmin seçkidə Əşrəf Qani qalib gəlib, onun birbaşa rəqibi ilk turda qalib gələn, lakin mütləq çoxluq qazanmayan və ikinci turda məğlub olan Abdullah Abdullah olub. Hər iki şəxs yenidən seçkidə iştirak edir.
Seçkidə qalib gəlmək üçün səslərin 50% -dən çoxunu toplamaq lazımdır. Seçkinin ilkin nəticələri oktyabrın 19-da, yekun nəticələr isə namizədlərin şikayətlərinə baxıldıqdan sonra noyabrın 7-də elan ediləcək. Namizədlərdən heç biri səslərin yarısından çoxunu almasa, noyabrın 23-də Prezident seçkilərinin ikinci turu keçiriləcək.