İranın məqsədi regionda yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibəni şərh edərkən deyib.
O bildirib ki, müsahibəsində İranın Fars körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrlə heç bir düşmənçiliyinin olmadığını vurğulayıb.
“Qətər və Omanın müsbət rolunu yüksək qiymətləndiririk və Səudiyyə Ərəbistanı ilə dialoqumuzu davam etdiririk”,-XİN rəhbəri bildirib.
Əraqçi əlavə edib ki, İranın məqsədi region ölkələrinin özləri tərəfindən, xarici hərbi qüvvələrin iştirakı olmadan yeni regional təhlükəsizlik mexanizmlərinin yaradılmasına nail olmaqdır.