Fransada Qəzzaya humanitar yardımla bağlı beynəlxalq konfrans keçiriləcək.
APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bombardmanlardan ağır şəkildə təsirlənən və qida, su, elektrik, tibbi ləvazimatların azlığı nəticəsində meydana çıxan kritik humanitar vəziyyətlə üzləşən Qəzzadakı mülki fələstinlilərə humanitar yardımla bağlı Fransa Prezidentinin təşəbbüsü ilə beynəlxalq konfrans keçiriləcək. Konfrans noyabrın 9-da Parisdə baş tutacaq", məlumatda qeyd olunub.
Bildirilib ki, konfrans Qəzzada fələstinli mülki əhalinin xeyrinə konkret şəkildə hərəkət etməyə qərarlı olan əsas aktorları - dövlətlər, əsas donorlar, beynəlxalq təşkilatlar və Qəzzada fəal olan QHT-ləri səfərbər edəcək.
"BMT və xüsusilə təşkilatın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) tərəfindən müəyyən edilmiş ehtiyaclara əsaslanaraq, nümayəndə heyətləri Qəzzada Fələstin əhalisinin xeyrinə artıq həyata keçirilmiş və ya planlaşdırılan təşəbbüsləri, məsələn, səhra xəstəxanalarının yerləşdirilməsi və ya humanitar hava, ya da dəniz körpülərinin yaradılması kimi təşəbbüsləri təqdim edə biləcəklər", Fransa XİN bildirib.