Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın xarici işlər naziri Əsad Həsən Şeybani ilə Ankarada görüşüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.
Görüşdə Türkiyə-Suriya münasibətləri, əməkdaşlığın mümkün istiqamətləri, qonşu ölkələrlə əlaqələr və regional sabitlik məsələləri müzakirə olunub.
Tərəflər həmçinin SDG-nin (Suriya Demokratik Qüvvələri) ləğvindən sonra inteqrasiya prosesinin vəziyyətini nəzərdən keçiriblər. Görüşdə terror təşkilatlarına qarşı mübarizə sahəsində koordinasiyanın davam etdirilməsi məsələsinə də diqqət yetirilib.
Görüş zamanı Suriyanın cənubunda İsrailin hücumlarının davam etdiyi qeyd olunub. Bundan başqa, Suriyaya qarşı tətbiq edilən ABŞ sanksiyalarının aradan qaldırılmasının mümkün təsirləri və bunun Suriyanın müdafiə imkanlarının inkişafına verə biləcəyi töhfə müzakirə edilib.