Küveyt İranın dron hücumu nəticəsində ölkənin şimalındakı hökumət binasına və Bubiyan adasında yerləşən mülki obyektlərə ziyan dəydiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələri və ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Küveyt hava hücumundan müdafiə qüvvələri ölkə ərazisinə daxil olan düşmən dronlarını aşkar edərək məhv edib. Bununla belə, qəlpələrin düşməsi nəticəsində ölkənin şimalındakı hökumət binasına, həmçinin Bubiyan adasında fəaliyyət göstərən şirkətlərdən birinə məxsus mülki avtomobillərə maddi ziyan dəyib.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Küveyt Xarici İşlər Nazirliyi bəyanatında insidenti ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib.
“Bu, Küveyt Dövlətinin suverenliyinin açıq şəkildə pozulması, onun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid, habelə beynəlxalq hüququn normalarının, BMT Nizamnaməsinin, mehriban qonşuluq prinsiplərinin və BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır”, – deyə bəyanatda vurğulanıb.