Bank Of Baku

İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır

İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
# 22 iyul 2026 15:14 (UTC +04:00)

Memorandumun təsirsiz qalmasının səbəbi ABŞ-ın əsas öhdəlikləri pozması olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu, İranın dövlət xəbər agentliyi İRNA-da dərc edilən İslamabad memorandumunun mövcud vəziyyəti və gələcəyi ilə bağlı geniş təhlildə əksini tapıb.

İRNA məqalənin əvvəlində İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin və xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadinin ABŞ-ın İrana qarşı hücumları yenidən başlamasını İslamabad memorandumunu parça-parça etmək və dağıtmaq kimi qiymətləndirdiyini qeyd edib.

Agentlik yazıb ki, Bəqai son mətbuat konfransında memorandumun icra vəziyyəti ilə bağlı suala cavab verərkən İranın əvvəldən “öhdəlik müqabilində öhdəlik” prinsipini əsas götürdüyünü bildirib. Onun sözlərinə görə, İran qarşı tərəf öhdəliklərini yerinə yetirdiyi müddətdə öz öhdəliklərinə sadiq qalıb, lakin ABŞ öhdəliklərini dəfələrlə pozduqdan sonra Tehran da onların icrasını dayandırıb.

Bəqai vurğulayıb ki, hər hansı memorandum və ya sazişin etibarı tərəflərin öhdəliklərinə əməl etməsindən asılıdır, əks halda həmin sənədin “kağız üzərində yazılmış mətn”dən artıq dəyəri qalmır.

Onun sözlərinə görə, hər hansı memorandum və ya sazişin İran üçün əhəmiyyəti milli maraqların və milli təhlükəsizliyin təmin olunması ilə bağlıdır və qarşı tərəf öz öhdəliklərini yerinə yetirmədiyi halda İranın da onlara əməl etməsi gözlənilə bilməz.

İRNA daha sonra qeyd edib ki, beynəlxalq hüquqda sazişlər qarşılıqlılıq prinsipi əsasında qurulur. Bu prinsipə görə, tərəflər verdikləri öhdəliklər və güzəştlər müqabilində müəyyən fayda və üstünlüklər əldə edir, heç bir dövlət isə birtərəfli qaydada öz öhdəliklərinə sadiq qalmır.

Agentlik həmçinin “müqavilənin əsaslı şəkildə pozulması” anlayışına toxunaraq bildirib ki, tərəflərdən biri əsas öhdəliklərini pozduqda, digər tərəf hüquqi baxımdan öz öhdəliklərinin icrasını dayandırmaq və ya sazişdən çıxmaq hüququ əldə edir.

İRNA yazıb ki, ABŞ İran neftinin ixracı ilə bağlı sanksiya güzəştlərini ləğv etməklə, dəniz blokadasını və hərbi hücumları bərpa etməklə, həmçinin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməyə çalışmaqla İslamabad memorandumundan irəli gələn əsas öhdəliklərini pozub. Buna görə də İran öz öhdəliklərinin icrasını dayandırıb.

Agentlik Kazım Qəribabadinin fikirlərinə və Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının müddəalarına istinad edərək qeyd edib ki, ABŞ əsas öhdəliklərini pozmaqla İslamabad memorandumunun hüquqi və icra əsaslarını aradan qaldırıb.

Qəribabadi bildirib ki, memorandumun ən mühüm şərti İrana qarşı müharibə və hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırılması olub və ABŞ-ın hərbi fəaliyyətləri yenidən başlaması sazişin etibarsız sayılması üçün kifayət edir.

İRNA əlavə edib ki, Tehran memorandumdan rəsmi şəkildə çıxmaq qərarı verməyib. İran hesab edir ki, münaqişənin başa çatması diplomatik razılaşma yolu ilə mümkün olmalıdır və ABŞ öz öhdəliklərini yenidən yerinə yetirməyə başlayacağı təqdirdə İslamabad memorandumu müharibənin dayandırılması üçün uyğun çərçivə olaraq qala bilər.

Məqalənin sonunda vurğulanıb ki, İranın mövqeyinə görə memorandumun təsirsiz qalmasının səbəbi Tehranın öhdəlikləri dayandırması deyil, ABŞ-ın əsas öhdəliklərini pozmasıdır. Buna görə də İran hüquqi mövqeyini qorumaqla yanaşı, gələcəkdə diplomatiyaya qayıdış və sazişin bərpası imkanını saxlamaq məqsədilə öz öhdəliklərinin icrasını dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR