İraqın xarici işlər naziri Fuad Hüseyn və ABŞ dövlət katibi Entoni Blinken sentyabrda beynəlxalq hərbi koalisiyanın İraqdakı missiyasının başa çatması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi avqustun 11-də öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İraq Xarici İşlər Nazirliyinin rəhbəri gələn ay amerikalı həmkarı ilə birgə mətbuat konfransı zamanı müvafiq bəyanatla çıxış etmək üçün Vaşinqtona səfər edəcək.
“İraq Kürdüstanı istisna olmaqla, beynəlxalq hərbi koalisiya qüvvələrinin İraqdan çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq”, - deyə nəşr yazır və İraq Kürdüstanından çıxarılmasının 2026-cı ilin sentyabrına planlaşdırıldığını qeyd edir.