Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyası “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan 12 maddəlik qanun layihəsini qəbul edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, “Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsinə dair Qanun Layihəsi” adlanan sənəd 468 deputatın səsi ilə qəbul olunub.
Səsvermədə 88 deputat əleyhinə, 6 deputat isə bitərəf qalıb.
Qanun PKK/KCK terror təşkilatının fəaliyyətinə son qoyulması və silahlarını təhvil verməsi prosesinin hüquqi çərçivəsini müəyyənləşdirir.
Sənəddə müəyyən şərtlər yerinə yetirildikdən sonra təşkilatla əlaqəli bəzi istintaq, məhkəmə və cəza proseslərinin təxirə salınmasına dair hüquqi mexanizmlər nəzərdə tutulur.
Qərar Türkiyədə “Terrorsuz Türkiyə” prosesi baxımından mühüm mərhələ hesab olunur.
Qanunun qüvvəyə minməsi üçün növbəti mərhələdə prezident tərəfindən təsdiqlənərək “Rəsmi Qəzet”də dərc olunması gözlənilir.