Bank Of Baku

ABŞ və Avropa ölkələri Həsən Ruhani ilə əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

ABŞ və Avropa ölkələri Həsən Ruhani ilə əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
# 17 iyun 2013 07:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Dünya ölkələri və beynəlxalq təşkilatlar İranda iyunun 14-də Həsən Ruhaninin qələbəsi ilə nəticələnmiş prezident seçkilərinə münasibət bildiriblər. APA-nın məlumatına görə, ABŞ İranla nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması üçün birbaşa görüşməyə hazır olduğunu açıqlayıb. Ağ Evin mətbuat katibi Cey Karni deyib ki, məqsəd dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə bağlı yaranmış narahatlığını aradan qaldırmaq və məsələni diplomatik yolla həll etməkdir: “ABŞ İran xalqının seçiminə hörmət edir. Ancaq bununla belə, seçkilərin şəffaf keçirilmədiyini hesab edirik, çünki mətbuat, internet senzura şəraitində işləyib. Biz İran hakimiyyətinin xalqın iradəsinə uyğun gələcək quracağına ümid edirik”. Dövlət katibi Con Kerri də açıqlamasında rəsmi Vaşinqton və müttəfiqlərinin İran rəhbərliyi ilə birbaşa danışıqlara hazır olduğunu vurğulayıb.

 

İsrailin baş naziri Benyamin Netenyahu isə Həsən Ruhaninin prezident seçilməsinə baxmayaraq, bu ölkəyə qarşı beynəlxalq təzyiqlərin və sanksiyaların davam etdirilməsini və artırılmasını istəyib: “İranda prezidentin dəyişməsi nüvə sahəsindəki siyasətin dəyişməsi mənasını verməz. Çünki İranın nüvə sahəsindəki siyasətini prezident deyil, ölkənin ali dini lideri, ayətullah Əli Xamneyi müəyyən edir. Ona görə də dünya ictimaiyyətinin İranın siyasəti qarşısında əsla aldanmaması lazımdır. İranın anlayacağı dil təzyiq və sanksiyadır”. 

 

Böyük Britaniya da H. Ruhaninin qələbə qazanmasından sonra bəyanat yayaraq İranı dünya birliyi ilə konstruktiv əlaqələr qurmağa çağırıb. İranın yeni prezidentindən gələcəkdə fərqli bir siyasət həyata keçirməsi də istənilib.

 

Fransanın xarici işlər naziri Loran Fabius İranla əməkdaşlıq etməyə hazır olduqlarını bəyan edib: “Dünya ictimaiyyətinin İrandan nüvə proqramına və Suriya məsələsinə görə gözləntiləri var. Biz yeni hökumətlə işləməyə hazırıq. Fransa İran xalqının demokratiya təşəbbüslərini dəstəkləyir”.

 

Almaniya hökuməti də İrandakı seçkilərin nəticələrini müsbət qarşılayaraq yeni hökumətlə əməkdaşlığı inkişaf etdirmək istədiklərini açıqlayıb.

 

İtaliyanın xarici işlər naziri Emma Bonino H. Ruhaniyə təbrik mesajı göndərərək İranı bölgədə konstruktiv rol oynamağa çağırıb.

 

BMT baş katibi Pan Gi Mun da H. Ruhanini təbrik edib, təşkilatın İranla bölgə və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığının davam etdirilməsini istəyib.

 

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton gələcək hökumətlə nüvə sahəsində əməkdaşlığı davam etdirmək istədiklərini söyləyib.

 

Bundan əlavə, Azərbaycan, Türkiyə və digər dövlətlər də H. Ruhaniyə təbrik mesajları göndəriblər.

 

Qeyd edək ki, H. Ruhani 18 milyon 613 min 329 səs (50,07%) toplamaqla İran prezidenti seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR