Bakı. Real Cəfərli – APA. İranın ali dini lideri, Ayətullah Əli Xamneyi Ramazan bayramı münasibətilə Azərbaycan Respublikası da daxil olmaqla, müsəlman ölkələrinin bu ölkədəki səfirlərini və nümayəndələrini qəbul edib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ayətullah Xamneyi çıxışında bəzi xarici dövlətlərin islam ölkələrinə qarşı təxribatlarına toxunaraq düşmənlərin sui-qəsdlərinə qarşı ən yaxşı müqavimət gücünün iman və vəhdət olduğunu bildirib: “Düşmənlərin Şimali Afrika və Qərbi Asiya bölgəsində İslam ölkələri arasında səpdiyi fitnə toxumu nəticəsində xoşagəlməz hadisələr baş verir. Bu bəlalardan xilas olmağın yolu tanınmış hikmət sahibi insanların aldığı məntiqli qərar və xarici qüvvələrin xalqlar arasına səpdikləri nifaq və fitnə zəhərinin yayılmasını qarşısını almaqdır. Düşmənlərin bu sui-qəsdlərinin təməlindəki ən mühüm səbəb müsəlmanlar arasında vəhdətin təmin edilməsi halında məzhəblər və qövmlər arasında bir qarşıdurmanın yaranmayacağını çox yaxşı bildiklərinə görədir. Bunun üçün müsəlmanların və İslam ölkələrinin zəif yerlərinə diqqət yetirərək onların arasında fitnə-fəsad çıxarırlar. Bu gün İran bütün etnik və məzhəblərin birlikdə yaşamalarına görə bir nümunədir. Məhz bu səbəbdən düşmənlərin İran əleyhinə sui-qəsdləri alınmır”.