Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin İranın Hörmüzqan vilayətində yerləşən Geçin uran mədəninə baxış keçirəcəyi tarix açıqlanıb.
APA - nın İSNA - ya istinadən verdiyi məlumata görə, İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib ki, beynəlxalq müfəttişlər bu işi İranla AEBA arasında əldə olunmuş razılaşma çərçivəsində yanvarın 29-da həyata keçirəcək.
Qeyd edək ki, ötən il noyabrın 11-də Tehranda İranla AEBA arasında əməkdaşlığa dair 6 maddəlik razılaşma imzalanıb. Həmin sənədə əsasən İran agentliyin müfəttişlərinə Ərak ağır su nüvə reaktoruna və Geçin uran mədəninə baxış keçirməyə icazə verib. Artıq AEBA müfəttişləri ötən il dekabrın 8-də İranın Mərkəzi vilayətində yerləşən Ərak ağır su nüvə reaktoruna baxış keçirib.