Bakı. Real Cəfərli - APA. Urmiya gölünün bərpası üçün 10-15 il vaxt lazımdır. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin müavini, qurumun İnkişaf Proqramının Asiya və Okeaniya regionu üzrə ofisinin rəhbəri Havlinq Şo bildirib.
Onun sözlərinə görə, Urmiya gölündəki mövcud böhran nəzərə alındıqda, onun İran dövləti və xalqının iştirakı ilə infrastrukturlarının yenidən qurulmasından sonra bərpası bir neçə illik zaman prosesində mümkündür: “BMT və Yaponiya Urmiya gölünün bərpası üçün texniki yardım formasında bir milyon dollar ayırıb. Beynəlxalq yardımlar daha çox texniki əməkdaşlıq və digər ölkələrdəki elmi nailiyyətlər və təcrübələrdən yararlanmaqla Urmiya gölünün xilası üçün istifadə ediləcək”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Belə ki, rəsmi Tokio Urmiya gölünün bərpası bu məqsədlə bir milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.