Bakı. Real Cəfərli – APA. Bu gün İranda XI dövr prezident seçkiləridir. APA-nın məlumatına görə, İran prezidentliyi uğrunda Məhəmmədbağır Qalibaf, Əli Əkbər Vilayəti, Səid Cəlili, Həsən Ruhani, Möhsün Rzayi və Məhəmməd Qərəzi mübarizə aparır. Çünki İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən 686 nəfər arasından qeydiyyata alınmış 8 nəfərdən 2-si prezidentliyə namizədliyini geri götürüb. Bunlardan biri mühafizəkarlar (Qulaməli Həddad Adil), digəri isə islahatçılar (Məhəmmədrza Arif) düşərgəsindəndir. İranda səsvermə hüququna malik vətəndaşları sayı 50 mln. 483 min 192 nəfərdir. İran vətəndaşları ölkə daxilində 60 min seçki məntəqəsində səs verəcəklər. Ölkə xaricində yaşayan İran vətəndaşları isə prezident seçkilərində 96 ölkədə, 128 nümayəndəlikdə səs verməklə iştirak edə biləcəklər. Seçkiləri 39 ölkədən 421 jurnalist müşahidə edəcək. Əgər bu turda prezidentliyə namizədlərdən heç biri seçicilərin səsinin 50%-ni (50+1) ala bilməsə, onda iyunun 21-də ikinci tur olacaq. Hazırda ölkədə həyata keçirilmiş sorğularda ən şanslı namizədlərin Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və mötədillərlə islahatçılar düşərgələrinin (İranın eks-prezidentləri Əliəkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi tərəfdarları) dəstəklədikləri Həsən Ruhaninin olduğu görünür.
Qeyd edək ki, 51 yaşlı Məhəmmədbağır Qalibaf Tehran Universitetinin “Siyasi coğrafiya” fakültəsində doktorantura təhsili alıb. İran Nizam-İntizam Qüvvələrinin, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq komandanlarındandır. O, 2005-ci ildə keçirilmiş prezident seçkilərində də iştirak etməsinə baxmayaraq, kifayət qədər səs qazana bilməyib. 2005-ci il sentyabrın 4-də Tehran Şəhər Bələdiyyəsinin sədri seçilib. 2007-ci ilin sentyabrında yenidən 4 il müddətinə bu vəzifəsində qalıb. Hazırda “Ədalət və İnkişaf” və ya “2+1” seçki koalisiyasının üzvüdür.
67 yaşlı Əli Əkbər Vilayəti 1964-cü ildə Tehran Universitetinin tibb fakültəsinə qəbul olunub. Tehran Universitetinin Uşaqların Tibbi Mərkəzində pediatrlıq, ABŞ-da isə infeksiya xəstəlikləri üzrə tibbi təhsil alıb. 1981-1997-ci illərdə İranın xarici işlər naziri işləyib. Hazırda İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviridir, eyni zamanda “Ədalət və İnkişaf” və ya “2+1” seçki koalisiyasında təmsil olunur.
47 yaşlı Səid Cəlili İmam Sadiq Universitetində “Siyasi elmlər” fakültəsində həm bakalavr, həm magistratura, həm də doktorantura təhsili alıb. O, 18 il müxtəlif vəzifələrdə, o cümlədən İran Xarici İşlər Nazirliyinin nəzarət idarəsinin rəhbəri, XİN-də birinci Amerika şöbəsinin müdir müavini, XİN-də Avropa və Amerika şöbəsinin müdir müavini və rəhbərlik ofisinin araşdırmalar şöbəsinin müdiri vəzifələrində çalışıb. İran Məsləhət Şurasının üzvü olmuş S. Cəlili 2007-ci ildən İran Ali Milli Təhlükəsizlik Şurasının katibidir.
64 yaşlı Həsən Ruhani 1960-cı ildə Simnan Sadiqiyyə Elmlər Seminariyasında dini təhsil alıb. 1961-ci ildə Qum Dini Elmlər Seminariyasına daxil olan Həsən Ruhani 1989-2005-ci illərdə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və IV və V çağırış İran parlamentinin sədr əvəzi olub. O, həmçinin İran Üləmalar Məclisi (Xubreqan) və İran Məsləhət Şurasının üzvü olub. Hazırda İran Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir.
58 yaşlı Möhsün Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin “Mexanika mühəndisliyi” fakültəsinə daxil olub. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.
72 yaşlı Məhəmməd Qərəzi 1961-ci ildə Tehran Universitetinin “Elektronika” fakültəsində bakalavr dərəcəsi alıb. 1981-1985-ci illərdə hazırda iki ildən çoxdur ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri Mirhüseyn Musəvinin baş nazirliyi dövründə neft naziri, 1985-1997-ci illərdə Əliəkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövründə poçt və teleqraf naziri vəzifəsində çalışıb.
Bu şəxslərdən biri 4 il müddətinə İran prezidenti seçiləcək.