Bakı. Real Cəfərli – APA. “Mən prezident seçiləcəyim təqdirdə, “altılıq” ölkələri ilə nüvə müzakirələrini tədbirli şəkildə davam etdirəcəm”. APA-nın məlumatına görə, bunu İran prezidentliyinə namizəd Əli Əkbər Vilayəti ötən gün ölkənin cənub-qərbində yerləşən Şəhrkord şəhərinin sakinləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, diplomatiya bir peşədir: “Diplomatiya tədbirli və ağıllı olmalıdır. Bu məsələ yalnız masa arxasında müzakirələr aparmaqla məhdudlaşmır”.
Ə. Vilayəti deyib ki, öz kabinetində dindar və Allahdan qorxan şəxslər xüsusi mövqeyə malik olacaqlar: “Onlar maraqlarını düşünməkdən əvvəl Allah yolunda addımlamalıdırlar”.
Prezidentliyə namizəd vurğulayıb ki, xarici əlaqələri nizama salmaq və iqtisadiyyatı bərpa etmək üçün davamlı siyasətin həyata keçirilməsinə ehtiyac var.
Ə. Vilayəti həmçinin deyib ki, ölkədə sığorta sistemi bərqərar olacaq: “Bu sistem ailə həkimi layihəsinin problemini həll etməklə müalicə və sağlamlıq şəbəkəsi çərçivəsində formalaşacaq”.
Qeyd edək ki, Ə.Vilayəti 1964-cü ildə Tehran Universitetinin tibb fakültəsinə qəbul olunub. Tehran Universitetinin Uşaqların Tibbi Mərkəzində pediatrlıq, ABŞ-da isə infeksiya xəstəlikləri üzrə tibbi təhsil alıb. 1981-1997-ci illərdə İranın xarici işlər naziri işləyib. Hazırda İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviridir, eyni zamanda “Ədalət və İnkişaf” və ya “2+1” seçki koalisiyasında təmsil olunur.