Bakı. Real Cəfərli – APA. “İran heç bir təzyiqə, sanksiyaya və hücum təhdidinə boyun əyməyərək nüvə proqramını davam etdirəcək”. APA-nın məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib.
Onun sözlərinə görə, İran Ərak ağır su nüvə reaktoru tibb və kənd təsərrüfatı sahələrində istifadə olunacaq izotoplar istehsal edəcək.
Ə. Sultaniyə İranın bu obyektdə nüvə silahı istehsalı ilə bağlı fəaliyyətlərinə dair iddiaları təkzib edərək AEBA-nın mütəmadi şəkildə Ərak ağır su nüvə reaktorunda yoxlamalar apardığını deyib: “Bu cür iddialar yalnız siyasi gərginlik yaradır”.
İran rəsmisi vurğulayıb ki, ölkəsinin uranın zənginləşdirilməsi prosesi başda olmaqla bütün nüvə fəaliyyətləri sülh məqsədlidir: “İran ali dini lideri nüvə silahının dini baxımından haram olduğunu dəfələrlə vurğulayıb. Ona görə də İranın müdafiə doktrinasında nüvə silahına əsla yer yoxdur”.
Ə. Sultaniyə bildirib ki, İran Nüvə silahlarının istehsal edilməsi və qarşısının alınmasına dair müqaviləyə (NPT) bağlıdır: “İran xalqı heç kimə onu sülh məqsədli nüvə enerjisindən məhrum buraxmasına icazə verməyəcək. Sülh məqsədli nüvə enerjisindən yararlanmaq İran xalqının tam hüququdur”.