Bakı-APA. Filippin arxipelaqının cənubunda 2 həftə davam edən intensiv yağışlar səbəbindən baş vermiş torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 22 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində onlarla insan itkin düşüb.
Mülki müdafiə qərargahının açıqlamasına əsasən, 200 mindən çox filippinli təbii fəlakət zonasından təxliyə olunaraq çadır düşərgələrinə yerləşdirilib.
Məlumata görə, ən acınacaqlı vəziyyət 22 mln əhalisi olan Mindanao adasında yaranıb. Torpaq sürüşməsi və sel suları kənd təsərrüfatı və sosial infrastruktura ciddi ziyan vurub. Zərərçəkənlər üçün nəzərdə tutulmuş ərzaq malları və digər humanitar yardım Filippin Hərbi-Hava Qüvvələrinə məxsus yük təyyarələri ilə çatdırılır.