Bakı. Real Cəfərli – APA. İranın Həmədan şəhərində valilik binası qarşısında əhli-haqq (ələvi) təriqətinə mənsub olan azərbaycanlı özünü yandırıb. APA-nın məlumatına görə, buna səbəb İran məmurlarının onun dini inancına hörmətsizlik etməsidir. Belə ki, Həsən Rəzəvi hazırda həbsdə olan əhli-haqq (ələvi) təriqətinə mənsub Kiyumərs Təmnakın bığlarının zorla qırxılmasına etiraz olaraq bu addımı atıb. Nəticədə onun bədənin 60 faizi yanıb. H. Rəzəvi hazırda Tehran xəstəxanalarının birində İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında müalicə edilir və onun vəziyyətinin ağır olduğu bildirilir. Ailəsinin onunla görüşməsinə də icazə verilmir.
Qeyd edək ki, bu hadisədən bir gün sonra Kirmanşah kürdlərindən olan daha bir Əhli-haqq (ələvi) təriqətinə mənsub olan İran vətəndaşı Həmədan vilayət valiliyinin binası qarşısında özünü yandırıb. Kirmanşah vilayətinin Səhnə şəhərində yaşayan Nikmərd Tahiri adlı bu şəxs xəstəxanaya aparılan zaman yolda ölüb. Onun meyiti ailəsinə təhvil verilməyib və polislərin nəzarəti altında Səhnə şəhərində dəfn edilib. Əhli-haqq (ələvi) təriqətinə mənsub sakinlər isə buna etiraz olaraq Səhnə şəhər rəhbərliyinin oturduğu binanın qarşısına toplaşıblar. Lakin aksiya zorakılıqla dağıdılıb. Bundan əlavə, əhli-haqq (ələvi) təriqətinə mənsub olan digər İran vətəndaşı Mehdi Rəhmani N. Tahirinin özünü yandırdığı səhnəni lentə aldığına görə həbs edilərək naməlum istiqamətə götürülüb.