Bakı. Real Cəfərli - APA. “İran hökumətinin bütün səyləri ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar problemini həll etmək istiqamətindədir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, hökumət İran xalqının haqlarını qorumağa səy göstərir: “Xalqın qürurunun söz mövzusu olmayacağı təqdirdə bu problemlər çox asan şəkildə bir toplantı ilə həll edilə biləcək”.
H.Ruhani deyib ki, problemlərin aradan qaldırılması və razılığın əldə olunması vaxt aparacaq: “Ancaq bu ilin sonunadək problemlərin aradan qaldırılması istiqamətində ilk addımın atılması gözlənilir. Bu məqsədə də yalnız İranın ali dini lideri və parlamentin dəstək və yardımları sayəsində nail olmaq mümkün ola biləcək. Hökumətin ölkə içərisində dəstəyi nə qədər güclü olsa, xaricdə də o qədər güclü addımlar ata biləcək”.