Bakı. Real Cəfərli - APA. “İsrail müsəlman dünyası üçün bir yaradır. Ona görə də bu rejimin yox olması lazımdır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın yeni prezidenti Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, 2 avqust - Ümumdünya Qüds Günü hər cür zülm və təcavüzə qarşı dimdik dayanan müsəlman dünyasının vəhdətinin nümayiş etdirildiyi bir gündür: “Fələstin və Qüdsün işğalı səbəbindən İsrail təcavüzkar niyyətini davam etdirir. Ancaq müsəlmanlar öz haqqını unutmadı və unutmayacaq da. Onlar hər cür zülm və təcavüzə qarşı dimdik dayanacaq”.
H.Ruhani deyib ki, 2 avqust - Ümumdünya Qüds Günü Fələstin xalqına mənəvi və siyasi dəstək xarakteri daşıyır: “İsrail isə uzlaşma bəhanəsi ilə təcavüzkar niyyətini davam etdirərək və fürsətdən faydalanaraq “sülh” tərəfdarı olduğunu göstərmək istəyir”.