Bakı. Real Cəfərli – APA. İran Daxili İşlər Nazirliyi iyunun 14-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran daxili işlər nazir Mustafa Məhəmməd Nəccar bildirib ki, islahatçılar və mötədillər düşərgəsinin (eks-prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin tərəfdarları) dəstəklədiyi Həsən Ruhani ölkə prezidenti seçilib. Onun sözlərinə görə, H. Ruhani 18 mln. 613 min 329 səs toplayıb və 50.07% nəticə ilə qalib gəlib: “Ümumilikdə seçkilərdə 50 mln. 483 min 192 seçicidən 36 mln. 704 min 156 nəfəri iştirak edib. Bu da seçici fəallığının 72.7% olması deməkdir”.
Qeyd edək ki, Məhəmmədbağır Qalibaf (6 077 292), Səid Cəlili (4 168 946), Möhsün Rzayi (3 884 412), Əli Əkbər Vilayəti (2 268 753) və Məhəmməd Qərəzi (446 015) səs toplayıblar. Seçkilərin yekun nəticələri İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) tərəfindən təsdiqlənməlidir. İranda prezident 4 il müddətinə seçilir.
Həsən Ruhani 12 noyabr 1948-ci ildə Simnan bölgəsinin Sorxe şəhərində anadan olub. İbtidai və orta təhsilini həmin şəhərdə alıb.
1960-cı ildən Qum dini dairəsində oxuyub, 1969-cu ildə Tehran Universitetinə qəbul edilərək hüquq təhsili alıb. 1972-ci ildə Böyük Britaniyanın Qlazqo Universitetində doktorluq elmi dərəcəsi qazanıb.
Ayətullah Xomeyninin silahdaşlarından olan Həsən Ruhani 1979-cu il islam inqilabından sonra bir neçə dəfə İran parlamentinin deputatı, İran-İraq müharibəsi illərində (1980-1988) Ali Müdafiə Şurasının üzvü olub.
Həsən Ruhani Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin prezidentlikləri dövründə 16 il Ali Təhlükəsizlik Şurasının katibi vəzifəsində fəaliyyət göstərib və İranın Qərblə nüvə danışıqları aparan heyətə başçılıq edib.
Hazırda keçmiş prezident Haşimi Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının üzvüdür. Həsən Ruhani həm də Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir.
Əvvəllər İslam Respublikası Partiyasında fəaliyyət göstərən Həsən Ruhani indi şərti islahatçılara yaxınlığı ilə tanınan Mübariz Ruhanilər Birliyinin üzvüdür.
Məlumata əsasən, o, alman, fransız, rus və ərəb dillərində danışa bilir.
Evlidir, 2 oğlan və 2 qız atasıdır.