APA-nın “Radiofərda”ya istinadən yaydığı məlumata görə, Dehli bu ilin iyun ayında Tehrandan hər gün orta hesabla 140 min 800 barel neft alıb. Bu da bu ilin may ayı ilə müqayisədə 45%, ötən ilin iyun ayı ilə müqayisədə 60% azdır.
Hazırda Hindistanda İranın yeganə müştərisi yalnız “Əsar” neft emalı zavodudur. İran neftinin əsas müştərisi olan Çin, Hindistan, Yaponiya və Cənubi Koreya İrandan ötən ay ümumilikdə gündəlik 860 min barel neft idxal ediblər. Bu isə 2012-ci ilin iyun ayı ilə müqayisədə 35 faiz azalma deməkdir. Hindistan bu ilin ilk yarısında gündəlik orta hesabla 211 min 400 barel “qara qızıl” idxal edib. Nəticədə 2012-ci ilin eyni dövrü ilə müqayisədə Hindistan İrandan neft idxalını 42% azaltmış olub. İran 2012-ci ilin ilk 6 ayı ərzində Hindistanın neftə olan tələbatının 10 faizini ödəyirdisə, hazırda bu rəqəm 4.5 %-ə düşüb. Bundan əlavə, İran 2013-cü ilin birinci yarısında Asiyadakı müştərilərinə ümumilikdə gündəlik 975 min 280 barel neft satıb. Bu isə 2012-ci ilin eyni dövrü ilə müqayisədə 20%-dən çox azalma deməkdir. Hazırda ABŞ qanunvericiləri İranın neft ixracını azaltmaq üçün yeni sanksiya layihəsini nəzərdən keçirir və rəsmi Tehranın bütün neft ixracını gündəlik 500 min barel azaltmaq istəyirlər. ABŞ hökuməti həmçinin İrandan neft idxalını azaldan ölkələri hər 6 aydan bir Tehrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalardan azad edir.