Hər kəsə məlumdur ki, sümük qalıqlarının ərazidən məhz ixtisaslı mütəxəssislər – tibbi biliyə malik məhkəmə-tibb ekspertləri tərəfindən anatomik qaydada yığılması və qablaşdırılması sonradan onların şəxsiyyətlərinin məhkəmə-tibbi identifikasiyası işində çox vacib şərt kimi mühüm rol oynayır.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin Həllində Müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
O bildirib ki, əksinə, sümük qalıqlarının anatomik biliyə malik olmayan şəxslər tərəfindən pərakəndə şəkildə toplanması və qablaşdırılması sonradan bu şəxslərin şəxsiyyətlərinin məhkəmə-tibbi identifikasiyasında çox ciddi çətinliklər yaradır: “Birliyin bu II Məhkəmə-Kriminalistika şöbəsinin bazasında isə yaxın vaxtlarda beynəlxalq praktikaya müvafiq olaraq yeni şöbənin – “Məhkəmə Antropologiyası şöbəsi”nin yaradılması nəzərdə tutulur.
Qarabağın işğaldan azad olunmuş ərazilərindən, o cümlədən də respublikanın digər şəhər və rayonlarındakı Şəhidlər xiyabanlarından ekshumasiya edilərək şöbəyə gətirilmiş skeletlər və sümük fraqmentlərinin məhkəmə-tibbi kriminalistik ekspertizası Azərbaycan Respublikası Baş Prokurorluğunun qərarları əsasında həyata keçirilir. Daxil olan sümük qalıqları müstəntiqlərin iştirakı ilə ilkin baxış keçirilərək protokollaşdırılır və bundan sonra təmizlənərək məhkəmə-tibbi kriminalistik müayinələrə başlanılır.
Laboratoriyalarımızda müayinələrdən keçən sümüklərə əsasən, məhkəmə-tibb ekspertlərimiz tərəfindən 454 şəxsə məxsus sümük qalıqları üzərində küt alətlərlə, çapıcı alətlərlə, güllə və qəlpə yaralanmaları və s. kimi müxtəlif həyati xəsarətlər aşkar edilib. Sümük qalıqlarının məhkəmə-tibbi müayinələri başa çatdırıldıqdan sonra bu skeletlərin hər birindən müxtəlif nahiyələrdən (xüsusilə də borulu sümüklərdən və sağlam dişlərdən) bioloji nümunələr götürülərək şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası məqsədilə DTX-nin Genetik Araşdırmalar Mərkəzinə göndərilir. Genetik profilin aydınlaşdırılması və eyniləşdirmə prosesi də başa çatdırıldıqdan sonra sümük qalıqları ailələrə təhvil verilir”.