Bank Of Baku

İran Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücumun təfərrüatlarını açıqlayıb

İran Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücumun təfərrüatlarını açıqlayıb
# 14 may 2013 16:26 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Böyük Britaniyanın İrandakı səfirliyinə hücum hesablanmış addım idi və diplomatik korpusun öz işçiləri qapını etirazçıların üzünə açmışdılar”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Hüquq-Mühafizə Qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm deyib.

 

O bildirib ki, hadisə baş verən gecə Böyük Britaniya səfirliyində olub: “Diplomatik korpusun işçiləri, müvəqqəti işlər vəkili və diplomatlar təhlükəsiz binaya köçürülmüşdülər. Mən ora daxil olduğum zaman onların heç bir narahatlığının olmadığını gördüm. Səfirlik işçilərindən birinə dedim ki, diplomatik korpusda təhlükəsizliyin təmin olunması üçün xüsusi qüvvələrdən istifadə edilsin. Müvəqqəti işlər vəkili bu təklifimi əvvəlcə qəbul etdi. Lakin səfirliyin təhlükəsizlik məsələləri üzrə müşaviri onun qulağına nəsə söyləyəndən sonra müvəqqəti işlər vəkili dərhal imtina etdi. Biz də qüvvələrimizi səfirlikdən çıxardıq”.

 

İ.Müqəddəm əlavə edib ki, hücum Böyük Britaniya tərəfindən məkrli plan əsasında həyata keçirilib: “Nümayişçilərə səfirlik işçilərindən biri qapını açıb. Çünki qapı ikilaylı, gülləkeçirməz idi və yalnız nəzarət otağından açılırdı. Lakin biz səfirliyə daxil olmamalıydıq. Ali dini liderimiz, ayətullah Əli Xamneyi bu barədə məlumat alandan sonra bizə bildirdi ki, çox yanlış hərəkət idi və bizim zərərimizə oldu”.

 

Qeyd edək ki, 2011-ci il noyabrın 29-da bir qrup gənc Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edib. Hadisədən dərhal sonra Böyük Britaniyanın İrandakı diplomatik korpusunun bütün işçiləri Tehrandan evakuasiya edilib, səfirliyin fəaliyyəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR