Bakı. Real Cəfərli-APA. İran Hindistan Gəmiçilik Şirkətinə məxsus neft tankerini saxlayıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə “İndia Times” qəzeti yazıb. Xəbərdə bildirilir ki, İraq neftini Hindistana daşıyan gəmi Fars körfəzində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri tərəfindən saxlanılıb və bu ölkənin Bəndər Abbas limanına aparılıb. Qəzet yazır ki, Hindistan tankerinin İran sahil sularında deyil, beynəlxalq akvatoriyada hərəkətinin qarşısı alınıb və gəminin saxlanmasına səbəb kimi Fars körfəzini dağıtdığı neftlə çirkləndirməsi göstərilib. Ancaq Hindistan rəsmisi “İndia Times”a müsahibəsində İranın bu açıqlamasının məntiqli olmadığını bildirib.
Qeyd edək ki, ötən dörd ay ərzində Hindistanın İrandan neft idxalı 40%-dən çox azaldıb. Rəsmi Dehli bu ilin iyununda Tehrandan 140 min barel neft alıb və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 50%-dən çox azalma deməkdir.