Bakı . Real Cəfərli-APA. İran prezidenti Mahmud Əhmədinejad Holokostu növbəti dəfə inkar edib. APA-nın məlumatına görə, M. Əhmədinejad İran dövlət televiziyası (İRİB) ilə çıxışı zamanı 8 illik prezidentlik fəaliyyətini qiymətləndirərkən bildirib ki, dünyada mövcud olan 400 illik nizam birtərəflidir: “Aparılan ətraflı araşdırmalar zamanı bu quruluşun əlaqə halqasının Allah və din olmadığını, sionist oxunda toplandığını gördük. Müstəmləkəçilik və kapitalizmin yeganə müqəddəs nümunəsi isə sionizmdir”.
Onun sözlərinə görə, İran müharibə tərəfdarı deyil: “İran öz işlərini xalqdan ilham alaraq görür. Bu mövzu iki sualı gündəmə gətirir. Birincisi, nə üçün Holokost mövzusunda araşdırma aparılmasına icazə vermirlər? İkincisi, əgər Holokost olubsa, harada baş verib? Sionizmin müqəddəs sayıldığı ölkələrin heç biri bu suallara cavab verə bilmir, cavab verməyə çalışanların da səsi kəsilir”.
M. Əhmədinejad hazırda İranda 12 minə yaxın aktiv sentrifuqun olduğunu, daha 5 min sentrifuqun isə istehsala hazırlandığını deyib.