Bakı. Real Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad ölkənin Xuzistan vilayətində bir iqlim araşdırma mərkəzinin açılışında çıxışı zamanı dünyada baş verən iqlim dəyişikliklərinin başlıca səbəbini açıqlayıb.
APA-nın məlumatına görə, M.Əhmədinejad bildirib ki, sənayeləşmiş ölkələrin atmosferi çirkləndirən maddələrin 75%-ə qədərini istehsal etməsi bunun əsas səbəbidir: “Dünyada bu cür təhlükəli çirkləndirici maddə istehsal edən dövlətlər’ səhv mövqelərini düzəltmək və beləcə təbiətə öz-özünü təmizləmək imkanı verilməlidir. Dünyanın hansısa bir nöqtəsində yaşanan hadisə yer kürəsinin ekosisteminə tamamilə təsir göstərir. Sellər, quraqlıqlar, fırtınalar ətraf mühitə qarşı mövqeyimizin komponentləri olaraq qarşımıza çıxır”.
İran prezidenti vurğulayıb ki, iqlim dəyişikliyi insanların aktual həyatına, peşəsinə, sənaye sektoruna və atmosferin ümumi sirkulyasiyasına təsir göstərir: “Bu dəyişikliklərdən biri də son zamanlar ortaya çıxan toz fırtınalarıdır. Bu klimatoloji fakt on ildən çoxdur İran xalqının həyatına mənfi təsir göstərir. Toz fırtınaları İraq və Ərəbistan torpaqlarından İrana daxil olur. Əlbəttə, bu toz-torpaqların müəyyən bir hissəsi də İranın qərb vilayətləri və Xuzistan vilayətindən qalxan toz-torpaqlarla əlaqəlidir”.