Bakı. Real Cəfərli - APA. Bu gün İran prezidenti Həsən Ruhani İsveçrəyə səfər edəcək. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İran prezidentinin müşaviri Məhəmmədrza Sadıq açıqlama verib.
Onun sözlərinə görə, səfərdə məqsəd yanvarın 22-25-də Davos şəhərində keçirilməsi planlaşdırılan ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etməkdir.
M.Sadıq deyib ki, İran prezidenti səfər çərçivəsində bəzi ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək: “Bundan başqa, H.Ruhani beynəlxalq mətbu orqanlara müsahibələr verəcək, beynəlxalq şirkətlərin və bir sıra ölkələrin iqtisadi rəsmiləri ilə görüşəcək”.
Qeyd edək ki, bu, İran prezidentinin hakimiyyətə gəlməsindən sonra xaricə üçüncü səfəri olmaqla yanaşı, Avropaya ilk səfəridir. Bundan əvvəl H.Ruhani Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin zirvə toplantısında və BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Qırğızıstan və ABŞ-da səfərdə olub. Xəbərdə həmçinin İran prezidentinin yanvarın 23-də yerli vaxtla saat 10:10-da Dünya İqtisadi Forumunun yığıncağında çıxış edəcəyi bildirilir.
Xatırladaq ki, Davos forumu dünya siyasi və biznes elitasının təxminən 2 min təmsilçisinin iştirakı ilə hər il keçirilir. Builki toplantının mövzusu “Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr” olacaq.