Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad parlamentdə dindirilə bilər. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, buna səbəb onun ötən il ABŞ-ın Nyu-York şəhərində keçirilmiş BMT Baş Assambleyasının yığıncağına özü ilə bərabər 125 nəfəri aparması və bunun da ölkə üçün xeyli xərcə başa gəlməsidir.
İran parlamentinin deputatı Məhəmmədəli Muxtarpur bildirib ki, bu qədər insanın Nyu-Yorka aparılmasına ehtiyac yox idi: “Çünki təyyarə biletindən başqa, prezidentin qaldığı oteldə yerin qiyməti 400-700 dollar arasındadır”.
İran parlamentinin rəsmi xəbər agentliyinin (İCANA) verdiyi məlumata görə, bir çox millət vəkilləri də məsələyə etiraz ediblər. Onlar ölkənin beynəlxalq sanksiyalara məruz qaldığı, valyuta qıtlığı çəkdiyi, inflyasiyanın yüksək səviyyədə olduğu və xalqın sıxıntı içərisində yaşadığı bir vaxtda belə bir addımın atılmasının düzgün olmadığını bildiriblər. Bu baxımdan millət vəkilləri İran prezidentindən özü ilə bu qədər adamı Nyu-Yorka aparmasının soruşulmasını vacib sayıblar.