Bakı. Real Cəfərli-APA. İran prezidenti Həsən Ruhani ilk xarici səfərini Qırğızıstana həyata keçirəcək. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.
Onun sözlərinə görə, İran prezidenti sentyabrın 12-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə toplantısında iştirak edəcək: “Bu səfər haqda Həsən Ruhani tərəfindən yekun qərar elan ediləcək. Yığıncaq Avrasiya bölgəsi üçün çox əhəmiyyətlidir və İran qurumun ən fəal müşahidəçi üzlərindəndir. İran toplantıya rəsmi şəkildə dəvət olunub. Ancaq hələlik bu iclasda iştirak etmək üçün qəti qərar verilməyib”.
A. Əraqçı deyib ki, İran prezidentinin sentyabr ayında növbəti səfəri ABŞ-a planlaşdırılır: “Həsən Ruhani BMT Baş Assambleyasının illik sessiyasında iştirak edəcək. Bunun İran prezidenti üçün beynəlxalq aləmdə bir fürsət olduğunu deməliyəm. Ancaq Həsən Ruhaninin bu yığıncaqda iştirakı üçün də hələlik qəti qərar verilməyib”.