APA-nın məlumatına görə, bunu İran prezidentliyinə namizəd Möhsün Rzayi dövlət televiziyası ilə çıxışı zamanı deyib.
M. Rzayi bildirib ki, prezident seçiləcəyi təqdirdə bu hədəfinə çatmaq üçün İranın ən güclü diplomatlarını işə götürəcək: “Xarici siyasətdəki proqramlarımı həyata keçirmək üçün qayçı siyasətindən istifadə edəcəyəm. Xalqımız bir tərəfdən, müqavimətlə öz dəyərlərində israr edəcək, digər tərəfdən də iqtisadiyyat və mədəniyyət sahələrində irəliləyəcəyik. Biz dalana girməyəcək, uçuruma da getməyəcəyik. Biz daxildə və xaricdə sanksiyaları ləğv edəcək qədər güclü əlaqələrə malikik. Bölgədə sülh və inkişafa nail olmaq üçün Asiya ölkələri birliyini yaradacağıq”.
Prezidentliyə namizəd ölkədə korrupsiya, rüşvətxorluq, mövhumat hökm sürdüyünü, insanların yoxsulluq, inflyasiya, işsizlik şəraitində yaşamağa layiq olmadığını, milli devalvasiyanın ciddi problemlərdən biri olduğunu vurğulayıb: "Bəziləri ölkədə heç bir problem olmamasından danışır. Mən bu fikirlə razı deyiləm. Biz min kilometrlərlə uzaqlıqdakı hədəfi vura bilən raketlər istehsal edirik, ancaq insanları əsas qida məhsulları ilə təmin edə bilmirik”.
Qeyd edək ki, M.Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində təhsil alıb. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.