Bakı. Real Cəfərli - APA. “İran və Azərbaycanın taleyi bir-birinə bağlıdır”. APA-nın məlumatına görə, bunu Təbrizin “Ahrabnews” saytına müsahibəsində İran prezidentliyinə namizəd Məhəmmədbağır Qalibaf bildirib.
Onun sözlərinə görə, Azərbaycanın inkişafdan geri qalması İranın inkişafdan geri qalmasıdır: “Azərbaycanın başucalığı İranın başucalığıdır. İranın da başucalığı Azərbaycanın başucalığıdır. Azərbaycan İranın başıdır. Bu səbəbdən nə üçün hər cür inkişaf potensialı olan bir bölgə bu qədər ədalətsizliyə və ayrı-seçkiliyə məruz qalmalıdır? Nə üçün Azərbaycan inkişafa daha gec başlayan İranın digər vilayətlərindən geridə olmalıdır? Hər məsul şəxs bölgənin potensialını nəzərə almadan öz şəxsi səliqəsi və siyasətinə görə milli sərmayəni istədiyi bölgəyə yatırıb. Görəsən, Azərbaycanın indiki vəziyyəti onun layiq yerə uyğundurmu? Çünki Təbriz həmişə birincilər şəhəri olub. Bu şəhərdə ilk mətbuat, bələdiyyə, kinoteatr, məktəb, nəşriyyat və s. mövcud olub. Bəs onda ayrı-seçkilik və ədalətsizliyə məruz qalmaqda da birinci olmalıdır?”
M.Qalibaf deyib ki, Azərbaycan həmişə İranın sənətkarlıq və əkinçilik mərkəzlərindən biri olub: “Bir xarici mütəxəssis buradakı kənd təsərrüfatı məhsullarının 100 milyon insanı təmin etməyə kifayət edəcəyini bildirib. Biz bölgə ədalətsizliyinə və ayrı-seçkiliyə məruz qalmışıq. Təbii ki, bu siyasət Azərbaycandan da yan keçməyib. Ayrı-seçkilik əsasən siyasi səbəblərdən qaynaqlanır. Bu gün azərbaycanlı mütəxəssislər ölkəmizin hər tərəfində var. Onların kifayət qədər potensialları mövcuddur. Amma urbanizasiya prosesinin öz təbii axarından çıxması problemin əsas başlanğıcıdır. Çünki bu proses Azərbaycanın insan potensialının itməsinə səbəb olur. Ona görə də biz problemləri həll etmək üçün ölkəni ədalətli şəkildə inkişaf etdirməliyik. Xalqa söykənməyən qrupların fəaliyyətinə və bir neçə qonşu ölkənin dostluqdan kənar addımlarına görə sərhəd vilayətlərinin inkişafının qarşısını almaq səhvdir”.
Qeyd edək ki, M.Qalibaf Tehran şəhərinin meri (paytaxt bələdiyyəsinin sədri) və İran İslam İnqilabı Keşikçilər Korpusunun keçmiş komandanlarından biridir. M.Qalibaf İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti və ölkə parlamentinin sabiq spikeri Qulaməli Həddad Adillə birlikdə yaradılan “2+1” seçki koalisiyasının üzvüdür. Hazırda hər üç şəxs prezidentliyə namizəd kimi qeydə alınmaq üçün İran Daxili İşlər Nazirliyinin seçki qərargahına ərizə ilə müraciət ediblər. Lakin Ə.Vilayəti və Q.Adil qeydə alınacaqları təqdirdə, namizədliklərini İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin xeyrinə geri götürmək niyyətində olduqlarını açıqlayıblar.