Bank Of Baku

İran sərhədçilərinin dəfn mərasimi aksiyaya çevrilib - FOTO

İran sərhədçilərinin dəfn mərasimi aksiyaya çevrilib  - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 10:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Pakistanla sərhəddə baş vermiş silahlı insident nəticəsində həlak olmuş İran hərbçilərinin dəfn mərasimi kütləvi aksiyaya çevrilib.

 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, tədbir iştirakçıları şəhidlərin cənazələrini daşımaqla bərabər müxtəlif şüarlar da səsləndiriblər. Belə ki, onlar “Bizim bu güllərimiz, hədiyyədir rəhbərimizə!”, “Ölüm olsun əcnəbi terrorçulara!”, “Silahlı qaçaqmalçılar edam edilməlidir!”, “Zillət bizdən uzaqdır!” kimi şüarlar səsləndirərək, İran hüquq-mühafizə orqanlarından xarici qüvvələrə bağlı terrorçularla ciddi davranmalarını tələb ediblər.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani Pakistanla sərhəddə baş vermiş silahlı insidentin araşdırılması üçün göstəriş verib. O, qarşıdurma zamanı həlak olanlara Allahdan rəhmət, ailələri və yaxınlarına səbir diləyərək, İran Daxili İşlər Nazirliyindən insidentlə bağlı araşdırmalar aparılması üçün xüsusi bir komitə yaratması və bu məsələ barədə hesabat hazırlayaraq ona təqdim etməsini istəyib. İran prezidenti həmçinin ölkənin Xarici İşlər Nazirliyindən də iki ölkə arasında imzalanmış təhlükəsizlik müqaviləsinə uyğun olaraq lazımi addımları atmasını tələb edib.

 

İran Daxili İşlər Nazirliyi də Pakistanla sərhəddə baş vermiş hadisənin dərhal araşdırılacağını açıqlayaraq xüsusi komitə yaradıb. İran Sərhəd Polisinin komandanı, general-polkovnik Hüseyn Zülfüqari terrorçu qrupların 5 bölgə və bölgədən kənar ölkələr tərəfindən maliyyələşdirildiyini, 3 bölgə və bölgədən kənar ölkənin də terrorçulara texniki və kəşfiyyat dəstəyi təmin etdiyini bildirib.

 

İran İslam İnqilabı Keşikçilər Korpusu isə (SEPAH) məsələ ilə bağlı bəyanat yayıb. Eyni zamanda İran parlamentinin sədri Əli Laricani cinayətkarların cəzalandırılacağını bildirib.

 

Artıq İran Pakistana etiraz notası da verib. Belə ki, oktyabrın 26-da günortadan sonra Pakistanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz məktubu təqdim olunub. Görüşdə Pakistan hökumətindən iki ölkə arasında imzalanmış əməkdaşlıq müqavilələrinə uyğun olaraq bu ölkəyə qaçmış cinayətkarların həbs edilib İrana təhvil verilməsi və mühakimə olunması üçün ən qısa zamanda lazımi addımlar atılması istənilib.

 

Pakistanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili də öz növbəsində baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib. O, rəsmi Tehranın iradlarını öz dövlətinə çatdıracağını və məsələnin tez bir zamanda Pakistan hökuməti tərəfindən ciddi şəkildə təqib edilməsinə çalışacağını vurğulayıb.

 

Xatırladaq ki, İranın Sistan və Bəlucistan vilayətində, Pakistanla sərhəddə, Saravan sərhəd-keçid məntəqəsində baş vermiş silahlı qarşıdurma nəticəsində 14 İran sərhədçisi ölüb, 6 nəfər isə yaralanıb. “Ceyşül-Ədl” adlı qrupun hücumu öz üzərinə götürdüyü ifadə edilir, ancaq indiyədək hər hansı bir səlahiyyətli bunu təsdiqləməyib. Rəsmi Tehran isə bu addıma cavab olaraq oktyabrın 26-da səhər saatlarında 16 siyasi məhbusu Zahidan şəhərinin mərkəzi həbsxanasında edam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR