Bakı. Real Cəfərli - APA. “İran 2500 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik raketlərə sahibdir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Üləmalar Məclisinin (Xubreqan) üzvü Əhməd Xatəmi bildirib.
Onun sözlərinə görə, İsrail İrana ən kiçik bir həmlə belə etməyə səy göstərərsə, əlindəki uzun mənzilli raketlərlə Təl-Əviv və Hayfanı yerlə yeksan edəcək: “Biz heç kimdən qorxmuruq”.
Ə.Xatəmi həmçinin deyib ki, İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi İsraillə mübarizə aparan Fələstinin bütün qruplarına yardım göstəriləcəyini açıqlayıb.
Eyni zamanda o, İsraillə “HƏMAS” arasındakı qarşıdurmada İranın “Fəcr-5” raketlərinin rəsmi Təl-Əvivi qorxutduğunu xatırladaraq, İslam fiqhinin nüvə silahı istehsal etməyə icazə vermədiyini vurğulayıb.