Bakı. Real Cəfərli - APA. İran Xarici İşlər Nazirliyi ölkənin ali dini lideri, ayətullah Əli Xamneyinin Azərbaycan təmsilçisinin müavini Höccətülislam Ərdəbiliyə viza verilməməsinə münasibət bildirib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, İranın XİN-in sözçüsü Seyid Abbas Əraqçı bildirib ki, hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmiləri ilə müzakirələr aparırlar: “Biz vizanın verilməməsində Azərbaycan hökumətinin mənfi niyyəti və iradəsinin olmasını müşahidə etmirik. Bu məsələlər, texniki və idari məsələlərdir. Höccətülislam Ərdəbili vizasının müddətinin sona çatmasına görə ölkəyə geri dönüb. Bu məsələnin səbəbi isə yalnız onun viza müddətinin sona çatması olub və biz bu hərəkətin mənfi hərəkət olmasını təsəvvür etmirik”.
Qeyd edək ki, İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Ocaq Nejaddır.