Bakı. Real Cəfərli – APA. İranın Noşəhr şəhərində 1 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. Onun ad və soyadının yalnız baş hərfləri qeyd edilib. Məhbus barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 16-da səhər saatlarında Noşəhr şəhərinin meydanlarının birində əhalinin gözü qarşısında icra edilib.
Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar. Ümumiyyətlə, İranda narkotik maddələrin qaçaqmalçılığı, təcavüz, qətl, silahlı soyğun kimi cinayətlərə görə ölüm cəzası verilir.
Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 4 nəfər Kirmanşah, 3 nəfər İsfahan, 3 nəfər Şahrud və 1 nəfər də Simnan şəhərində dara çəkilib. Bu həftə isə Kərəc şəhərində 3 nəfər edam edilib.