Bakı. Real Cəfərli - APA. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Türkiyədə səfərdədir.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, S.Cəlili İstanbulda jurnalistlərə açıqlamasında bildirib ki, İran “altılıq” ölkələrindən təklifinə cavab verməyini gözləyir: “Qazaxıstanın Almatı şəhərində keçirilmiş ikinci müzakirələr zamanı bir sıra təkliflər vermişik. Təkliflərimiz “altılıq” ölkələri tərəfindən də qəbul edilib və onlar həmin təklifləri araşdırdıqdan sonra bir neçə gün içərisində cavab verəcəklərini bildiriblər. Biz cavabın gecikməsinə və uzun müddət keçməsinə baxmayaraq, “altılıq” ölkələrinin İranın təklifləri ilə bağlı mövqeyinin necə olduğunu bilmək istəyirik”.
Onun sözlərinə görə, bu il iyunun 14-də keçiriləcək prezident seçkilərinin İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrinə heç bir təsiri yoxdur: “İranın nüvə proqramı milli məsələdir”.
Qeyd edək ki, bu gün axşam saatlarında S.Cəlili və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçiriləcək. Görüşdən sonra hər iki tərəf müzakirələrin detalları barədə məlumat vermək üçün birgə mətbuat konfransı keçirəcəklər. Eyni zamanda S.Cəlili ertəsi gün İranın İstanbuldakı Baş Konsulluğunda mətbuat konfransı keçirəcək.