Bakı. Real Cəfərli - APA. “İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mütəxəssislərinə Parçin hərbi-sənaye kompleksində məhdud çərçivədə yoxlama aparmağa icazə verə bilər”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi bildirib.
Onun sözlərinə görə, bu, yalnız İranın AEBA ilə xüsusi bir protokol imzalamasından sonra mümkün ola bilər: “Parçin İranın nüvə proqramının bir parçası deyil və AEBA qaydalarına uyğun olaraq rəsmi Tehranın burada yoxlama aparmağa icazə vermək öhdəçiliyi yoxdur. Ancaq buna baxmayaraq, AEBA mütəxəssisləri 2005-ci ildə iki dəfə İranın şərqində yerləşən bu hərbi poliqonda yoxlama həyata keçirib. Yoxlamaların nəticəsi olaraq Parçində nüvə fəaliyyətlərinin aparıldığına dair ən kiçik bir dəlilə belə rast gəlinməyib”.
M.Səccadi deyib ki, İran uranın zənginləşdirilməsi işlərini əsla dayandırmayacaq: “Çünki İran beynəlxalq qaydalara və Nüvə silahlarının istehsal edilməsi və yayılmasının qarşısının alınması Müqaviləsinin (NPT) qanunlarına uyğun olaraq öz nüvə fəaliyyətlərini davam etdirir və bu proses yalnız sülh məqsədi daşıyır”.