Bakı. Real Cəfərli – APA. İranın yeni prezidenti Həsən Ruhani ilk xarici görüşünü keçirib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, iyulun 24-də baş tutan görüş Livanın xarici işlər naziri Ədnan Mənsurla olub.
Görüşdə Suriyadakı böhran əsas müzakirə mövzusu olub. Hər iki tərəf Suriyaya silah göndərilməsinin əleyhinə olduqlarını və bu ölkədəki böhranın öz aralarında danışıqlar vasitəsilə həllinə tərəfdardırlar. Eyni zamanda görüşdə İran və Livanın Suriyaya xarici müdaxiləyə qarşı çıxdıqları qeyd olunub.
Ə.Mənsur Suriyadakı terrorçulara silah göndərilməsinin böhranın daha da uzun sürməsinə səbəb olacağını deyərək, Livanın bu ölkədə təhlükəsizliyin təmin edilməsinin tərəfdarı olduğunu, çünki problemin bütün qonşulara və bölgəyə təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, İranla Livan arasındakı əlaqələr güclüdür, iki ölkənin ticarət, iqtisadi, mədəni və bir çox sahədə müqavilələri var, bununla belə, ikitərəfli əlaqələr gələcəkdə daha da inkişaf etməlidir.