Bakı. Real Cəfərli - APA. “ABŞ-ın İran xalqına qarşı düşməncə davranışları və ikili standartlardan çıxış etməsi ölkələrimiz arasında etimad mühitinin meydana gəlməsinə maneə törədir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Seyid Hüseyn Nəqəvi Hüseyni bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresi və rəsmilərinin son cəhdləri, İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun təxirə salınması və bəzi konqresmenlərin İranla müzakirələrə başlanması ilə bağlı yazdıqları məktub müsbət addım olsa da, kafi deyil.
H. Nəqəvi ABŞ-ın İrana qarşı düşməncə davranışları barədə də danışıb: “İran İslam inqilabına zərbə vurmaq məqsədilə Pəhləvi xanədanı, terrorçu qruplara və xalq mücahidlərinə dəstək vermək, Səddam Hüseyn rejiminə dəstək verərək ona maliyyə və silah yardımı göstərmək, İran sərnişin təyyarəsinə Fars körfəzi səmalarında vuraraq müdafiəsiz sərnişinləri qətl etmək, bir çox təzyiq və iqtisadi sanksiyalar ABŞ-ın düşməncə siyasətləri və davranışları sayılır”.
Sözçü deyib ki, bir neçə kiçik cəhd İran ictimaiyyətinin ABŞ-a qarşı zehniyyətini dəyişdirməyəcək: “Xüsusilə də ikili standartlardan çıxış etməsi səbəbindən amerikalı rəsmilərin sözləri və cəhdlərinin dəyəri yoxdur. Bəzi açıqlamalarda amerikalı səlahiyyətlilərin İranla müzakirə aparmaq niyyətində olduğu irəli sürülür, ancaq praktikada İrana qarşı düşməncə siyasətin izlənildiyi görülməkdədir”.